Azərbaycan iqtisadiyyatı

Sənaye dövrünün əsasını iqtisadiyyat təşkil edir. İqtisadi təfəkkürün formalaşması qədim dövrlərdə başlayıb. Azərbaycanda da bu sahə əhəmiyyətli inkişaf yolu keçib. Ölkənin coğrafi-strateji mövqeyi, təbii sərvətləri, iqlimi, əhalinin əmək fəaliyyəti iqtisadi düşüncənin formalaşmasının əsas çəqamlarını təşkil edib.

Bu ərazilərdə yaşayan əhali hələ qədim dövrlərdən əkinçilik, maldarlıq, dulusçuluq, bağçılıq ilə məşğul olub. Onlar bu işlərlə ev iqtisadiyyatını təşkil etməyə çalışıblar. Həmin həyat tərzini şifahi xalq ədəbiyyatı nümunələrindən, “əmək nəğmələri”ndən, bayatılardan, dastanlardan öyrənirik. Onlarda əməyə, işə, torpağa, məhsula münasibət bildirilir, əməklə məğul olmaq alqışlanır. Orta əsr sənətkarlarının, filosoflarının və ədiblərinin də əsərlərində iqtisadi düşüncə yer alıb. İş bölgüsü, mübadilə prosesi, maliyyə mənbələri, bazar, pul münasibətləri  haqqında ilkin təsəvvürlər verilib. XX əsrin əvvəllərində ölkədə yaranmış mətbuat orqanlarında da ədəbiyyat, mədəniyyət, milli kimliklə yanaşı, iqtisadiyyat sahəsi haqqında görüşlər də təqdim olunub.

Qədim ipək yolunun Azərbaycan ərazisindən keçməsi iqtisadiyyatın inkişafında mühüm yerə malikdir. Həmin ticarət yollarının mövcudluğu məhsul və pul mübadiləsini mümkün edib.  İtisadi, mədəni inkişafa yardım göstərib. Bu karvan yolu əsrlərdir ki, Şərq və Qərbin qovşağıdır. Bu səbəbdən də Azərbaycan bütün dövrlərdə dünyanın diqqət mərkəzlərindən biri ola bilib.

Təbiətdə nemətlər insanlara hazır formada verilmir. İnsanlar onları kollektiv şəkildə istehsal edir, bölüşdürür, satır. Məlumdur ki, bəzi nemətlər tükənəndir. Buna görə də onlardan ehtiyyatla istifadə etmək lazım gəlir. İqtisadiyyatın digər bir funksiyası da, bu prosesi həyata keçirməkdir. Yəni iqtisadiyyat məhsulun şüurlu şəkildə, tələbata uyğun olaraq bölünməsidir. Əks halda bəzi nemətlərdən israflı şəkildə istifadə, onların tez tükənməsinə səbəb olar. Çünki insan artımı və onun tələbatı bitmir. Bu ehtiyyacı ödəmək üçün də məqsədli planlaşdırma kimi iqtisadiyyat elmi formalaşıb.

İqtisadiyyat sahəsi müəyyən qanunlar əsasında qurulur. O özündə kənd təsərrüfatı, nəqliyyat, turizm, ticarət, neft sənayesi, energetika və s.-ni birləşdirir. Hazırda qloballaşma dövründə ümümdünya iqtisadiyyatına meyl güclənib. Azərbaycan da öz növbəsində bu iqtisadiyyatın tələblərini və qanunlarını, inkişaf etmiş ölkələrin təcrübəsini öyrənir, həmin birliyə uyğunlaşır.

Ölkəmiz dünyanın neft mərkəzlərindən biri kimi tanınır. Azərbaycan Xalq Cümhuriyyətində də ölkənin əsas gəlir qaynağını neft sənayesi təşkil edib. Dövlət büdcəsinin böyük bir hissəsi bu sahədən əldə olunan gəlirlə təmin olunub. Bu dövrdə “Bakı-Batum” neft kəməri bərpa olunub, “Bakı-Culfa” xəttindəki işlər davam etdirilib. Sovet Rusiyasının tərkibində olduğu vaxtlarda da Azərbaycan neft istehsalında əsas mənbə idi. II Dünya Müharibəsi zamanı Rusiyanın neft tələbatının əsas hissəsi Bakı nefti hesabına ödənilib. Müharibədən sonra isə ölkədə neft istehsalı həmin dövrə nisbətən azaldı. Bunun nəticəsində də diqqət digər sənaye sahələrinə yönəldildi.

XX əsrin sonlarında xarici investorların neft sahəsinə olan yatırımları ilə iqtisadiyyatın bu növü yenidən canlandı. 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” yataqlarının istismarını ehtiva edən “Əsrin müqaviləsi” imzalandı. Hazırda da “Azəri-Çıraq-Günəşli” və “Şah-Dəniz” sazişləri ilə neft-qaz hasilatı prosesi davam etdirilir. “Bakı-Novorossiysk”, “Bakı-Supsa”, “Bakı-Tbilisi-Ceyhan” neft kəmərlərinin işə salınması neft ixracında uğurlu addımlardan hesab olunur.

1992-ci ildə prezident Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Dövlət Neft Şirkəti, 1999-cu ildə Dövlət Neft Fondunun yaradılması böyük əhəmiyyətə malikdir.

“Şah-Dəniz” yatağından qaz istehlakı ilə bağlı “TAP” (Trans-Adriatik Pipeline), “TANAP” (Trans-Anadolu) layihələri üzərində iş aparılır. “Bakı-Tbilisi-Ərzurum” boru kəməri vasitəsilə isə hasilat davam edir.

Faydalı qazıntılar ölkəmizdə kifayət qədərdir. Neft-qaz istehlakından başqa, dəmiz və filiz yataqlarının istismarı, tikinti materiallarının, mineral su ehtiyyatlarının istifadəsi də iqtisadiyyatın inkişafında mühüm rol oynayır.

Ölkənin tarixi abidələri və turist məkanları, iqlim qurşaqları, zəngin flora və faunası, mətbəxi turizmin inkişafına şərait yaradır. 100 ilə yaxındır ki, ölkənin müxtəlif bölgələrinə ekskursiyalar təşkil olunur. Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bir müddət turizm sahəsində boşluq yaransa da, son illərdə aktivlik bərpa edilib. 1991-ci ildə Turizm Şurası yaradılıb.

Müstəqillik dövründə yenidən təşkil olunmuş sahələrdən biri də nəqliyyatdır. Nəqliyyatın inkişafı yönündə aparılan islahatlar öz nəticəsini verdi. Müxtəlif daşınma yollarının əlaqələndirilməsinə nəzarət məqsədi ilə Nəqliyyat Nazirliyi yaradıldı. Hazırda da avtomobil yolları və dəmir yollarının təmirinə böyük diqqət ayırılır. Sürətli nəqliyyat vasitələrinin rahat hərəkətinə şərait yaradılır. Eləcə də, “Bakı-Tbilisi-Qars” dəmir yolunun tikintisi davam etdirilir.

Ölkə iqtisadiyyatından əldə olunan gəlirlər əhalinin rifahına, milli-mənəvi dəyərlərin qorunmasına, təhsil və sənaye kimi sahələrin inkişafına sərf olunur. Həmin gəlirlər iqtisadiyyatdan alındığı kimi, onun inkişafına da xərclənir. Bu dövr edən sistem ölkə iqtisadiyyatının ümümdünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirir. Deyə bilərik ki, bu gün Azərbaycan Respublikası öz iqtisadi müstəqilliyinə tam sahibdir.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s