DÜNYA NƏYƏ İNANIR?

İnsanlar yaşa dolduqca müəyyən inancları qəbul edib onlarla yaşamağa başlayırlar. Bu, sonradan nitq qabiliyyəti qazanmağa bənzəyir. Gördüklərin, eşitdiklərin, haqqında oxuduqların səni inam bəsləməyə sövq edir.

İnancların nə vaxt yarandığını deyə bilmərəm, amma bunun yaxın minilliklərdə baş vermədiyinə əminəm. Nəyəsə inanıb ümid bəsləmək bəlkə də insanların həyatda qalmasına kömək edib uzun müddət. Bunlar arasından dini inancları ayırsaq, geriyə xurafat və ya mövhumat adlandırdığımız fikirlər qalar.

Gündəlik həyatımızda onlarla tez-tez qarşılaşır və çox zaman da özümüzdən asılı olmayan reaksiyalar veririk. “Önündən qara pişik keçərsə işlərin düz gətirməz”, “Axşam vaxtı əncir ağacının altında durmaq olmaz”, “Qaşıq yerə düşsə qadın, çəngəl düşsə kişi qonağın gələr”, “Yanında hörümçık varsa, bu, qonağın gələcək deməkdir” və s. haqqında danışacağım inanclardan bir neçəsidir. Dünyada heyvanlar və rəqəmlərlə bağlı çoxlu bu cür fikirlər mövcuddur. Bunlardan bizə ən çox tanış olanı 13 rəqəmi ilə bağlı olanlardır. Bu rəqəmin uğursuz olduğuna inanılır və adətən ayın 13-də hansısa bir mərasim qeyd olunmur. Bundan başqa insanlar narahat olduqları üçün dünya ölkələrində bir çox oteldə 13-cü mərtəbə, 13 nömrəli otaq olmur, liftdə 13 rəqəminə rast gəlmək mümkün deyil. Xristianlara görə, bu, İsa Peyğəmbərlə bağlıdır. Onun verdiyi bir qonaqlıqda icazəsiz iştirak edən 13-cü adam İsanın çarmıxa çəkilməsinə səbəb olub. Buna görə də 13 nəfərin bir yerə toplaşmasının uğursuzluq gətirəcəyinə inanırlar. 13-cü cümə günündə Papanın bütün cəngavərləri öldürtməsi də bu rəqəmin uğursuz olduğuna dair bir fikir formalaşdırıb.

Əslində insanların özlərini niyə bu qədər qorxutmağa çalışdığının səbəbini bilmək istəyərdim. Obektiv baxsaq, həmin bu inancların çoxunun insanları qorxu ilə əsarətdə saxladıqlarına şahit olarıq. Bəs niyə hələ də belə xurafatlardan imtina edə bilmirik? Qəribəsi isə odur ki, dünyanın ən inkişaf etmiş ölkələrində belə, onlardan yaxa qurtarmaq mümkün olmayıb. Dinlərlə bağlı olanlardan yan keçib, gündəlik daha çox rast gəlinən inancların müxtəlif ölkələrdəki yerindən xəbərdar olmaq istədim.

Bu məqsədlə də sosial şəbəkələrdən tanıdığım dostlarım vasitəsilə bir qədər bilgi əldə etməyə çalışdım.

Bir neçə gün davam edən söhbətlərdən sonra az da olsa, istəyimə nail ola bildim. Tanış olduğum xarici ölkə vətəndaşlarına belə bir sual ilə müraciət etdim; “Ölkənizdə rastlaşdığınız maraqlı inanclara bir neçə nümunə verə bilərsinizmi?”.

Kolumbiya – Polina Semashina

“Nəyisə götürməyi yaddan çıxarıb edə qayıdırsansa, mütləq güzgüyə baxmalısan. Səbəbini bilmirəm, amma anam bunun çox köhnə bir inanc olduğunu deyir.
Güzgünü sındırmaq uğursuzluq əlamətidir.
Mənzilin açarlarını qapı üstündə qoymaq olmaz, bu halda mənzilin mütləq qarət olunacağına inanılır”.

Rumıniya – Ferrari Fieroiu

“Rumıniyada dəhşətli kral Drakulanın əməllərinə görə cəzalanıb vampirə çevrildiyinə inanırlar”.

Fransa – Julien Vaschalde

“Küçədə it ifrazatının üstündən keçmək uğursuzluq gətirir . Buna görə də insanların daha çox gəzdiyi, oturduğu yerlərdə yeriyərkən diqqətli davranmaq lazımdır”.

Danimarka – Ava Bratejka Lindberg

“İl ərzində qırılan boşqab, stəkan, fincan kimi əşyaları ilin axırına qədər evdə saxlayırıq. Bunlar nə qədər çox yığılsa, yeni ildə o qədər çox şey qazanılacağına inanılır”.

ABŞ – Linda Hammer

“Burada əvvəllər ifritələrə çox inanıldığına görə, evlərin damlarındakı pəncərələr 45 dərəcəlik ölçüdə düzəldilirdi. İfritələrin süpürgələrlə həmin ölçüdəki pəncərələrdən içəri girə bilməyəcəyinə inanırdılar”.

Vyetnam – Han Thien

“Bizdə real həyatda ruhların varlığına inanılır. Onun üçün də adətən kilsə və digər müqəddəs ziyarətgahlara pul ayırırıq. Ruhları isə ancaq rahiblər görə bilir”.

Türkiyə – Ebru  Beyaz

“Bıçaq və ya sabun əldən-ələ verilməz.
Axşam saat 5-ə yaxın göyün qapıları açılır və pis ruhlu varlıqlar yerə düşür deyirlər.
Sağ ovucun qaşınarsa, əlinə pul gələcək deməkdir.
Axşam saqqız çeynəyəndə adətən böyüklər acıqlanır və ölü əti çeynədiyini deyirlər”.

Çin – Vu Zi Yang

“4 rəqəmi və axırı 4 ilə bitən rəqəmlərin uğursuz olduğuna inanırıq.
İsti yerlərdə çox oturmaq olmaz, insanlar bədəndə xəstəlik yaranacağından qorxur.
Gecə yarısı it hürərsə yaxınlıqda birinin öldüyünə işarədir.
Bir uşaq səbəbsiz yerə ağlayırsa, ətrafında ruhlar var deməkdir”.

Filippin – Trisha Flores

“Fırtınalı havalarda qırmızı rəngdə geyinmək olmaz, çünkü qırmızı fırtınanı özünə doğru çəkir.
Evdə qara qarışqalar görəndə onlara toxunmuruq, bu uğur və bolluq gətirəcəyinə işarədir”.

Peru  – Agatha Garcia

“Noyabrın 2-də ölən yaxınlar üçün yeməklər hazırlanır. Bu zaman hamı həmin yerdən kənarlaşır ki, ölünün ruhu gəlib hazırlanan yeməkləri dadsın.
Soyuducunun qabağında duranda xərçəng xəstəliyinə tutulacağına da inananlar var”.

Yaponiya – Nobuko Kurihara

“Yatarkən üzü şimala yatmaq qadağandır. Bu qısa zamanda öləcəyini göstərir.
Axşam hörümçək görmək uğursuzluğa işarədir”.

Rusiya – Ruslan Çaplinski

“Kiməsə gül verərkən mütləq tək sayda almaq lazımdır. Cüt sayılı güllər dəfn mərasiminə aparılır.
Səhvən kiminsə ayağını tapdalamısansa, o da sənin ayağına basmalıdır. Belə edilməsə kiminləsə dalaşacağını deyirlər.
Gənc qızlar stolun küncündə otursalar, 7 il ailə həyatı qurmayacaq deməkdir.
Pulu əldən ələ vermək olmaz, insanların enerjisi onları tərk edə bilər”.

Braziliya – Luca Martins

“Çantanı ya da pul kisəsini yerə qoymaq olmaq, bu pulun azalmasına və kasıblamağa işarədir.
Deyirlər ki, əgər varlı olmaq istəyirsənsə, kofe hazırlayarken əvvəlcə şəkəri, ondan sonra isə qəhvəni əlavə et”.

Almaniya – Steven Voeller

“Su içərkən qarşındaki adama “Sənin şərəfinə” demək olmaz. Bu ona ölüm arzulamaqdır.
İki yaşlı qadının arasında gedərsən, günün pis keçər”.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s