Axı sükut nəyə gərək?

Dekabrın küləyi ilə dəqiqələrcə davam edən rəqsimiz, sahilə acgözlüklə baxan dalğaların hikkəsiylə daha da sərtləşirdi. Soyuq hava kütlələri zəif bədənimi ögey atası tərəfindən divardan-divara vurulan balaca qızcığaz kimi silkələyirdi. Şaxta süzüb keçdiyi yerlərdə bir-bir alov qalayaraq, arxasından izlərini buraxırdı. Gözlərimə dəryalar dolurdu qəddar küləyin buz soyuğundan. Kirpiklərim tez-tez birləşir, yaşaran gözlərimin acizliyini gizlədirdi tənha gecədən.
Burnumu çəkərək, boğazımda aslı qalan şərfə inadla tutundum. Boğumları sərtləşmiş barmaqlarım qıvrıldıqda, dərimin sızıltısını hiss etdim. Addımlarımı bir az da sərt basmağa çalışdım yerə. Küləklə olan hərarətli rəqsim, ikimiz arasındakı savaşa çevrilirdi zaman keçdikcə. Müqavimət göstərməyə gücüm tükənirdi yavaş-yavaş. Ancaq təslim olmaq yaraşmazdı həqiqi əsgərə. Döyüşü uduzsam da olardı, müharibəni udacaqdım.
Ayaqlarım çınqıllığa atılanda, yorğunluqla nəfəsimi küləyə qovuşdurdum. Dizlərim üzərinə çöküb, anlıq sərt hava kütləsiylə yerə sərildim. Dizlərim çınqılların zarafatları ilə halsızlaşarkən, ovuclarım isyanlarına başlamışdı çoxdan. Dağılıb üzümə saçılan tellərin arxasından,barmaqlıqlara həbs edilmiş kimi görünürdüm yəqin ki.
Başımı iki yana yelləyib, yıxılıb qaldığım yerdə dikəlməyə çalışdım. Soyuqdan ağırlaşmış gövdəmi çətinliklə qaldırdıqda, ayaqlarımı bir-birinə keçirib oturdum. Ciddi zədə almadığım üçün rahat idim. Bəlkə də şaxtanın üzsüz sərtliyindən hiss etmirdim ağrını. Bilmirəm. Bircə onu bilirəm ki, həmin an boynuma artıq bir yük olub qalmış həyatımdan uzaqda olmağıma şad idim. Harada soyuqdan titrədiyimin, harada yıxılıb qaldığımın heç bir fərqi yox idi. Həmin dəqiqələrdə tam azad olduğum məlum idi sadəcə. 23 illik həyatımdakı ilk baş qaldırışım, ilk üsyanım və ilk qalibiyyətim idi dustaqlığım üzərində.
Fikirlərim artıq azad bir vücudda qürurla dövr edə bilərdi. Qorxaqlığım məni yenidən ələ keçirənə qədər, hələ bir az da vaxtım var idi.
Baxışlarım tünd suların çaxnaşmasını izləyərkən, əlim cibimə getdi. Sızıldayan barmaqlarım kiçik fənəri tapanda, gözlərim də sahildən ayrılıb ətrafda dolanmağa başladı. Kimsə yox idi. Bir mən, bir gecə, bir dəniz, bir də çınqıllıq, bir-birimizə yoldaş olmuşduq.
Fənərin işığını azad edib, paltomun ilk düyməsini açdım. Əlimi yaxamdan keçirib, içəridəki kiçik cibdən dəftərçəmi çıxardım. Üstünə sancılmış qələmlə birlikdə ayrılmaz ömür yoldaşları kimi görünürdülər. Dəftərçəni dizimin altına sıxışdırıb, paltomun yaxasını yığışdırdım və boynumu gizlətdim.
Dəftəri götürüb araladım və zərif vərəqləri bir-birinin üzərinə yığdım. Qələm qurumuş barmaqlarıma sığındıqdan sonra, fənərim yolunu aydınlatmaq üçün önə atıldı.
Gözlərimi yumub düşünməyə başladım. Haradan, nədən və ya kimdən başlayacağımı düşündüm. Qarışıq fikirlərimin hamısı ələ salırmış kimi birdən baş qaldırıb, kiçilirmiş kimi hiss etməyimə səbəb oldu. Gözlərimi açıb, dizimin üzərindəki cütlüyə dikdim baxışlarımı qarışıqlığın gətirdiyi çaşğınlıqla. Qara qələm ağ vərəqi arzularkən, bu istəyə qarşı çıxmaq istəmədim. Fikirlərimin hamısını bir-bir qaralamağa başladım dayanmadan, yavaşımadan, uşaq həyəcanı ilə.

Bir mənə bax, nə görürsən?
Sakit, səssiz daş parçası.
Gəlib-gedən tapdalayır, təpikləyib itələyir
Və toz qalxır, bilməm nədən bu görünmür.
Xırda, kövrək daş parçaları, çınqıllıq,
Balaca bir daş parçası gedib başqa daşa dəyir,
Daşların üzündə əsəb, qəzəb, nifrət, bilməm nədən heç görünmür.
Daşlar dünyanın yorğanı,
Kim bilir onlar nələri kölgələyir,
Kim bilir onlar nələri basdırırlar.
Olub-bitən olayları kölgələyir,
Ölüb-itən məxluqları, gəlib-gedən canlıları basdırırlar.
Onlar bu qoca dünyanın hər anının şahidləri,
Onlar kəpənək həyatın qalacaq tək sakinləri.
Daşlar yenə də susurlar,
Axı sükut nəyə gərək?
Bu cür səssiz kainatda külək əssə, torpaq göyə qalxmayacaq,
Çaylar, göllər, dənizlər və okeanlar quruyacaq, dünyada su qalmayacaq.
Sünyada su qalmayacaq,
Bu zavallı canlıların boş yerə axıtdıqları göz yaşları quruyacaq.
Yerə doğru uzandıqda əllər torpaq tapmayacaq,
Su və torpaq canlılarçün qeyb olacaq.
Yerə doğru uzandıqda əllər nə isə hiss edəcək,
Əllər səssiz daşlara sığal çəkəcək.

Nöqtəni qoyub, rahatlıqla dərin bir nəfəs aldım. Ciyərlərim oksigenə həsrətmiş kimi şadlıqla qarşıladı soyuq kütləni. Küləyin şiddəti saçlarımı dağıdıb rahat olmadığından, gözlərimə toplanan gölləri daşırmaqla oynayırdı mənimlə. Yanaqlarımdan süzülən yaşlar, soyuğun sərtliyinə alışmış dərimdə xoş bir hiss buraxırdı. Əlimi şərfimə dolayıb, üzümdəki ilıq izləri silməyə başladım.
Dəftərçəni bağlayıb, qələmi üzərinə möhürlədikdən sonra, aid olduqları yerdə gizlənmələrinə icazə verdim. Soyuğun artıq əvvəlki kimi titrətmədiyi bədənim, qəfəslərimin zəncirlədiyi mənliyimin hazırki azadlığı qədər yüngülləşmiş hiss edirdi.
Bu şaxtada bir az da qalsam, yəqin ki, günlərlə xəstə yatacaqdım. Amma qalxıb getsəm, narahatlığına öyrəşdiyim çınqıllıq üçün darıxacaqdım.
Hələ ki vaxtım var idi.
Qorxularımın qarmağı yenə boynuma keçənə qədər vaxtım var idi…

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s