Təzə ilə çatmadan…

Qapı döyüldü qəfildən. Anamla bir-birimizin üzünə baxdıq dərhal. İkimiz də bilirdik ki, nadir hallarda bu evin qapısı açılar, qonaq gələrdi. Nə bilim, bəlkə də heç gəlməzdi. Anam ayaqları üzərindəki köhnə pencəyi çəkib qaldırdı və dağınıq halda olan divanın üzərinə atdı. O qapıya doğru irəliləyərkən, mən də sobanın yanından durub, sürüşüb yerlə qovuşan divan örtüyünü bacardığım cəldliklə düzəltməyə çalışdım. Qapının açılma səsini eşitdiyim vaxt dayanıb başımı qaldırdım. Anam bir əli qapıda, o yan-bu yana boylanıb başını iki yana yellədi. Gizlincə içəri girən şaxta öncə anamı üşüdüb toxunma jaketinin boğazını ağzına qədər qaldırmasına səbəb oldu, sonra isə dəcəl uşaqlar kimi evin hər tərəfində dolanıb açıqda qalan boynuma və əllərimə sarındı. Əllərimi ağzıma doğru qaldırıb inadla isinməyən nəfəsimi ovuclarıma və ucları qızarmış barmaqlarıma üfürdüm. Anam isə oflayaraq qapını örtüb, çatılan qaşları ilə geri qayıtdı. Üstdən geyindiyi boz jileti iki yandan çəkişdirib ortada qalan yeganə düyməsini iriləşmiş yarıqdan keçirdi. Özünü divana yıxıb pencəyi ayaqları üstünə çəkdi yenə. Başındakı çalmanı bir az da sıxıb, əllərini ciblərində gizlətdikdən sonra kürəyini divana söykətdi.
Əllərimi endirib sinəmdə qovuşdurdum və soyuğun hökmündən titrəməyə başladım. Cəld sobanın yanına addımlayaraq batmış səsimi çəxarmaqçün boğazımı təmizlədim.
-Nə oldu? Kim idi?
Anam istirahət verdiyi gözlərini bir anlığına açıb bir qədər sonra yenə yumdu.
-Heç kəs. Allah bilir kimin uşağıdır. Buraxıblar gecənin bu vaxtı bayıra, demirlər ki, birdən gedib sərxoşun, avaranın birinə tuş gələr. Eh, nə isə… Uzan sən də bir beş dəqiqə, qoy o başın dincəlsin.
Anamın dediklərinə başımı yelləsəm də, gözlərim stolun üstündəki saatda idi. Gecə yarısına az qalırdı. Təzə ilin gəlməyinə…
Əslinə qalsa, bizim üçün təzə deyildi. Bu il də əvvəlkilərin oxşarı olacaqdı çünki. Yenə damı başımıza uçmadığı üçün hər gün anamın Allaha şükr etdiyi bu evdə yaşayacaqdıq. Yenə təzə il gətirdiyi sovqatları bizə göstərib, başqalarına verəcəkdi. Və yenə anama jiletinin qopmuş düymələrin tikə bilməsi üçün sap ala bilməyəcəkdim.
Qapı bir də döyüləndə fikirlərimdən qopub, söykəndiyim divardan ayırdım kürəyimi.
-Soruş gör kimdir, bezdirdilər bunlar da.
Anam arxadan deyinməyə başlasa da, ayaqlarım qapının ağzında durana qədər səsimi çıxarmadım. Dayandıqda isə mırıldanaraq başımı yellədim. Əlimi qapının qulpuna atıb, qulağımı yaxınlaşdırdım qardan islanmış taxta qapıya.
-Kimdir?
-Bacı, ay bacı, yolka qurmuşuq kəndin ortasında. Siz də gəlin. Çox maraqlı olacaq. Hətta Şaxta Baba da gələcək!
Eşitdiyim həyəcanlı və sevinc dolu səs gülümsəməyimə səbəb oldu. Qapını açıb qarşımdakı balacanı görəndə isə gülüşüm bir az da böyüdü. Boyuna çatmaqçün bir qədər əyilib papağına qonmuş qar dənələrini təmizləməyə başladım. Balaca oğlan da mənim kimi gülümsəyəndə, ön dişlərinin yoxluğu onu bir az da şirinləşdirmişdi.
-De görüm, haradadır bu yolka?
-Budu ey, sizin evdən arxadakı o iki evdən sonrakı küçədə.
Barmağını uzadaraq evin üstündən haranısa göstərərək izah etməyə başladı yenə həmin həyəcanlı səslə. Dediyinə gülüb məni gözləməsini istədim. Qapını örtmədən arxaya dönüb, içəri qaçdım. Anamın ayaqları üstündıki atamdan qalma pencəyi qapıb tez əynimə keçirdim.
-Ay qız, ne edirsən? Qapını niyə açıq qoymusan? Neynirsən axı, bura ver o pencəyi!
Anam çatılmış qaşlarının altındakı parlaq gözləri ilə məni süzüb, oturduğu yerdə dikəldi. Əyilib ovuclarıma aldım qızarmış yanaqları. Hər yanağına bir öpüş qondurub gülərək geri çəkildim.
-Böyük yolka qurublar arxa tərəfdə. Ora gedirəm. Alınsa yolkadan bir oyuncaq gətirəcəyəm sənə.
Qapıya qaçıb qaloşlarımı ayaqlarıma keçirdim. Anamın arxamdan çığırdığını eşidir, amma nə dediyini anlamırdım. O qədər də əsəbləşmədiyini yaxşı bilirdim. Evə bir az da şaxta doldurmamaq üçün, özümü bayıra atıb, qapını arxamdan bağladım. Balaca, gülüşünü heç pozmadan əlini mənə uzatdı. Ovucumda yoxa çıxan balaca əli tutub, məni yönləndirdiyi istiqamətdə yüyürməyə başladım.
Ayaqlarım qarda batdığından sürətlə yeriməkdə çətinlik çəkirdim. Qar da yüngül şəkildə yağmağa davam edir, kirpiklərimə qonaraq yanaqlarımda şəlalə olurdu. Əllərimi üzümə aparıb gözlərimi təmizləməyə çalışanda, balaca çoxdan əlimi buraxıb daha sürətlə yüyürməyə başlamışdı.
-Bacı, bir az tələs! Şaxta Baba orada olmalıdır!
Balacanın səsi uzaqlaşır, mən isə önümü görməyə cəhd göstərirdim. Sonra birdən hər şey fırlanmağa başladı. Arxasınca bulanıqlıq hakim oldu görüşümə. Balacanın səsi kəsildi. Qulaqlarıma ağrı verən bir uğultu oturdu dörd yanıma.
Əlimi güclə qaldırıb,başımın durduğu yerə apardım. İlıq bir maye bulaşdı barmaqlarıma. Qaşlarım çatıldı. Gözlərim qaranlığa büründü.
Qar indiyə kimi heç bu qədər isti olmamışdı. Yatmaq istəyi bədənimə hakim kəsilirdi. Başımın altındakı daş yastığım olmuşdu.
Fikrimdə isə bircə şey var idi.
Bağışla, ana. Yolkadan oyuncaq gətirə bilməyəcəyəm deyəsən…

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s